10 Oktyabr 2017 - Azərbaycan alimləri pilotsuz uçan aparatları elmi araşdırmalarda istifadə edəcəklər

DronesAMEA Yüksək Texnologiyalar Parkının rezidenti olan Elm və Texnologiya Parkı (ETP) dünya standartlarına cavab verən yeni nəsil pilotsuz uçan aparatların istehsalı işini təkmilləşdirib. İlk modellər və uçuş aparatları artıq hazırdır və dronların istehsalı ilə məşğul olan şirkətin 5 növdə uçuş aparatı mövcuddur.

AMEA-nın rəsmi internet saytı www.science.gov.az-ın verdiyi xəbərə əsasən, multirotor tipli pilotsuz uçan aparatların idarəedilməsi və müxtəlif tapşırıqların, funksiyaların yerinə yetirilməsi məqsədilə AMEA Yüksək Texnologiyalar Parkında təlim dərslərinə başlanılıb.

Dronlar yüksəklikdən video-foto çəkilişlərin edilməsi (aerofoto), kənd təsərrüfatında ərazinin spektral analizinin aparılması, ərazinin dərmanlanması, xəritəçəkmə (3D xəritələrin yaradılması), yükdaşıma (analiz üçün elmi tədqiqat avadanlıqları), müşahidə  (heyvanların uzaqdan müşahidə edilməsi) və bir çox məqsədlərlə istifadə oluna bilər.

AMEA Coğrafiya, Torpaqşünaslıq və Aqrokimya, Neft və Qaz, Zoologiya, Geologiya və Geofizika və Botanika institutları əməkdaşlarının iştirak etdiyi təlimlər davam edəcək. Gələcəkdə uçuş aparatlarının təkmilləşdirilərək çoxfunksiyalı dronların istehsalı nəzərdə tutulub.

2016-cı ildən fəaliyyətə başlayan AMEA Elm və Texnologiya Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur.